BƏLƏDİYYƏ SƏDRLƏRİNİN II ÜMUMRESPUBLİKA TOPLANTISI İŞTİRAKÇILARININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ
Möhtərəm cənab Prezident!
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tərəqqisinə, qüdrətli dövlətə çevrilməsinə yönəlmiş siyasi xəttini davam etdirərək, böyük əzmkarlıqla həyata keçirdiyiniz genişmiqyaslı islahatlar ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. İqtisadi inkişaf strategiyasının yüksək sürətlə, uğurla aparılması Azərbaycanı regionun lider dövlətinə çevirmiş, beynəlxalq aləmdə onun nüfuzunu gücləndirmişdir. Alternativi olmayan Heydər Əliyev siyasətinə sadiq qalaraq Siz respublikamızda demokratik proseslərə də yeni nəfəs vermiş, ölkənin intellektual və iqtisadi potensialını Azərbaycanın yeniləşməsi proseslərinə səfərbər etmisiniz.
Bugünkü toplantının məhz Yevlaxda keçirilməsi də ölkədə gedən genişmiqyaslı quruculuq işlərinin, respublikamızın hər bir bölgəsinin müasirləşməsinin bariz nümunəsi, Sizin regional inkişaf konsepsiyanızın təntənəsidir.
Sizin insan faktoruna hesablanmış, hər bir vətəndaşın, hər bir azərbaycanlının maraqlarını qoruyan, mənafeyini ifadə edən siyasətinizin bəhrəsini insanlar öz gündəlik həyatında hiss edir, onların yaşayış səviyyəsi dönmədən yüksəlir.
Bələdiyyələr də ölkədə gedən bu proseslərlə, böyük inkişaf templəri ilə ayaqlaşmağa, insanların rifahı naminə həyata keçirdiyiniz nəhəng işlərdə daha yaxından iştirak etməyə, bu işə layiqli töhfələrini verməyə çalışır, şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, yaşayış məntəqələrində sosial obyektlərin, yolların, sadə idman meydançalarının inşası və təmiri, su təchizatı, yerli ekoloji problemlərin həlli sahəsində müəyyən işlər görürlər. Azərbaycan bələdiyyələrinin əldə etdikləri bütün nailiyyətlər Sizin adınızla bağlıdır.
Bütün ölkə əhalisini təmsil edən Azərbaycan bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi insanların əhval-ruhiyyəsini, onların istək və arzularını yaxşı bilirlər. Xalqımız əldə olunmuş nailiyyətləri qoruyaraq, Sizinlə daha da irəliyə addımlamaq istəyir, xoşbəxt gələcəyini yalnız Sizinlə bağlayır!
Bu ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Toplantı ərəfəsində keçirdiyimiz çoxsaylı görüşlərdə cəmiyyətimizin bütün zümrələrinin nümayəndələri, ziyalılar və ağsaqqallar, gənclər və qadınlar, sadə əmək adamları, bir sözlə Vətənimizin gələcəyinə laqeyd olmayan hər bir kəs yekdilliklə bildirmişlər ki, onlar artıq öz seçimlərini etmişlər. Bu seçim - Azərbaycanımızın işıqlı gələcəyinin təminatçısı Prezidentimiz İlham Əliyevdir. Azərbaycan xalqı Sizə səs verməklə, öz övladlarının nurlu sabahına, çiçəklənən və inkişaf edən Azərbaycana səs verəcəkdir.
Biz bələdiyyə üzvləri də vətəndaşlarımızın sosial problemlərinin həlli üçün yaratdığınız geniş imkanlar, demokratik şərait üçün Sizə öz dərin minnətdarlığımızı bildiririk. Əmin edirik ki, qarşıdan gələn prezident seçkilərində yekdilliklə Sizə - Azərbaycan xalqının yeganə, əvəzolunmaz və alternativsiz liderinə səs verərək, ölkəmizin firavanlığı naminə gələcək proqramlarınızın həyata keçirilməsində bundan sonra da Sizin yaxın və etibarlı köməkçiləriniz olacağıq.
Müraciət 2008-ci il iyunun 25-də bələdiyyə
sədrlərinin Yevlax şəhərində keçirilmiş II
ümumrespublika toplantısında qəbul edilmişdir.