BƏRBƏRLİK SƏNƏTİ ÜZRƏ ÇEMPİONAT BAŞA ÇATDI
Avqustun 15-dən 20-dək Bakıda, “Avropa” mehmanxanasında bərbərlik sənəti üzrə ölkə çempionatı keçirilmişdir. Azərbaycan Kosmetoloqlar İttifaqı və Beynəlxalq Bərbərlər Assosiasiyası tərəfindən təşkil olunmuş çempionatda paytaxtın, habelə digər şəhər və rayonlarımızın ən mahir bərbərləri iştirak etmişlər. Avqustun 20-də Rəhilə Qasımovanın başçılıq etdiyi münsiflər heyəti çempionatın qaliblərinin adlarını açıqlamışdır. Qalib adına Bakıdakı gözəllik salonlarından birinin ustası Elmira Mehdiyeva layiq görülmüş, ikinci və üçüncü yerləri Dilbər Həsənova və Tamilla Əzizova bölüşdürmüşlər.
Azərbaycan Kosmetoloqlar İttifaqının sədri Elmira Səfərova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu cür tədbir respublikada ilk dəfə keçirilir və birinciliyin qalibləri ölkəmizi beynəlxalq turnir və müsabiqələrdə təmsil edəcəklər.
Müxtəlif nominasiyalarda qalıblər də müəyyənləşdirilmişdir. “Orijinal saç düzümü” nominasiyasında Lalə Əliyeva, “Avanqard saç düzümü” nominasiyasında Aida Zəkiyeva, “Ən gözoxşayan saç düzümü” nominasiyasında Elmira Məmmədova fərqlənmişlər.
Kosmetoloqlar İttifaqının sədri həmçinin bildirmişdir ki, oktyabrın 1-dən Bakıda ali bərbərlik məktəbi fəaliyyət göstərməyə başlayacaqdır. Kosmetoloqlar İttifaqının təşəbbüsü ilə yaradılan bu məktəb bərbərliyi peşə seçənlər, habelə bu sahədə təcrübəyə malik ustalar üçün nəzərdə tutulmuşdur. Bərbərliyi öyrənməyə başlayanlar üçün tədris müddəti altı aydır, ustalar isə ixtisasartırma kursları keçəcək, eləcə də ustad dərslərində öz bacarıqlarını təkmilləşdirəcəklər. Bunun üçün Rusiya, Fransa və ABŞ-dan mütəxəssislər dəvət etmək nəzərdə tutulur.