BERLİNDƏ AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN TƏSİS KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransda Ukrayna, Rusiya Federasiyası, Belarus, İsveç, İsveçrə, Norveç, Danimarka, Finlandiya, Belçika, Avstriya, Hollandiya, Fransa, İspaniya, Çexiya, Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Almaniya icmalarının və diaspor təşkilatlarının nümayəndələri, ABŞ, Özbəkistan, Qazaxıstan, Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin rəhbərləri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov başda olmaqla komitənin işçi heyəti, Azərbaycan Respublikası Prezidentinin icra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Avropa Azərbaycanlıları Konqresinin təsis konfransını giriş sözü ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq Avropa Azərbaycanlıları Konqresinin yaradılmasını bu qitədəki diaspor təşkilatlarının birləşməsi istiqamətində əhəmiyyətli hadisə adlandırmışdır. O, yeni yaradılacaq qurumun Avropada məskunlaşan soydaşlarımızın tarixi vətənləri olan Azərbaycanla əlaqəsinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında siyasi, mənəvi birliyin və həmrəyliyin təmin olunması işində məqsədyönlü fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirmişdir.
Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsis konfransının iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Konfransın “Müasir Azərbaycan gerçəklikləri – inkişaf və əməkdaşlığın yeni mərhələsi” devizi altında keçirilən birinci hissəsində Əli Həsənovun “Azərbaycan Avropa məkanında – Avropa dövlətləri: demokratiya, dünyəvilik, qanunun aliliyi vətəndaş cəmiyyətinin normalarına çevrilir”, Azərbaycan respublikasının Almaniyadakı səfiri Hüseynağa Sadıqovun “Azərbaycan-Almaniya münasibətləri müasir mərhələdə”, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirliyinin beynəlxalq iqtisadi əməkdaşlıq bölməsinin müdiri Səməd Bəşirovun “Azərbaycan iqtisadiyyatında yeniləşmə və dinamika”, Azərbaycan Dövlət Neft Şirkəti vitse-prezidentinin müşaviri Eldar Şahbazovun “Bakı-Tbilisi-Ceyhan Xəzər regionu və Aralıq dənizi ölkələri arasında körpüdür”, Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin aparıcı mütəxəssisi Fərid Axundovun “Azərbaycanda turizm potensialının imkanları” mövzusunda məruzələri dinlənilmişdir.
İkinci hissədə “Azərbaycan diaspor quruculuğunun çağdaş durumu və inkişaf perspektivləri” müzakirə olunmuşdur. Natiqlər Azərbaycan diasporunun inkişaf perspektivlərindən məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında iştiraklarından, qarabağ münaqişəsinin həllində diasporumuzun rolundan, soydaşlarımızın problem və qayğılarının həllində Azərbaycan icmalarının yerli dövlət strukturları ilə əlaqəsindən, Avropa ölkələrində soydaşlarımızın hüquqlarının qorunması sahəsində problem və qayğılarından söhbət açmışdır.
Konfrans Avropa Azərbaycanlıları Konqresinin Nizamnamə layihəsini müzakirə etmiş və yeni təsis olunan qurumun rəhbər orqanlarını formalaşdırmışdır. Mərkəzi Şura, İcraiyyə Komitəsi və rəhbərlik seçilərək təsdiq edilmişdir. Türkiyə-Almaniya İş Adamları Birliyinin prezidenti Bahəddin Qaya Avropa Azərbaycanlıları Konqresinin sədri, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Natiq Ağamirov və Ukrayna-Azərbaycan Konqresinin sədri Oqtay Əfəndiyev vitse-sədrlər seçilmişlər.
Avropa Azərbaycanlıları Konqresinin təsis olunması təsdiqləndikdən sonra 50-dən artıq icma və birlik rəhbəri rəsmi razılıq protokolu imzalamış, digər ölkələrdəki cəmiyyət və birlikləri, milli qurumları ümummilli mənafemiz naminə gələcək əməkdaşlığa dəvət etmişlər.
Konqresin mənzil-qərargahı və əlaqələndirici katibliyi Berlində yerləşəcəkdir. AFR-də rəsmi qeydiyyatdan keçdikdən sonra Konqres beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın və azərbaycanlıların problemlərini qaldıracaqdır.
Konfrans işini bitirdikdən sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mətbuat konfransı keçirmişdir.
Konfransdan sonra verilən ziyafətdə Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər.