BERLİNDƏ XƏZƏRİN ENERJİ RESURSLARINA DAİR ELMİ SİMPOZİUM KEÇİRİLMİŞDİR
İki gün davam edən simpoziumda “Xəzər hövzəsi: Avropa maraqlarının coğrafi-siyasi amilləri”, “Xəzər hövzəsi: resurslar, onların istismarı və nəqli”, “Avropa maraqlarının əsasları” , “Xəzəryanı dövlətlərin maraqları”, “Region dövlətlərinin – Rusiya, Türkiyə, İranın maraqları ”, “ABŞ-ın Xəzər regionunda maraqları”, “Avropa Birliyinin Xəzərin enerji sektorunda maraqları”, “Enerjidaşıyıcıları ixracı və Xəzər regionu ölkələri ilə əməkdaşlığın inkişaf perspektivləri” və “Xəzər regionu müxtəlif maraqların kəsişməsində” mövzuları ətrafında ətraflı müzakirələr aparılmış, Xəzər regionunun inkişafı, hövzənin karbohidrogen ehtiyatlarının xarici şirkətlərin iştirakı ilə işlənilməsi, ölkələrarası kommersiya, texniki və ekoloji sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq məsələləri, neftin və təbii qazın magistral kəmərlərlə dünya bazarına təhlükəsiz nəqli yolları təhlil edilmişdir.
Simpoziumda Bakı-Tbilisi-Ceyhan xəttinin perspektivsizliyini, baha başa gəlməsini, Azərbaycan neftinin bu əsas ixrac kəmərinin tam gücü ilə işləməsinə kifayət etməyəcəyini nəzərdə tutanların “Qazaxıstan BTC layihəsinə qoşulmazsa, kəmərin rentabelliyi azalmayacaqmı?” sualına da tutarlı cavabları verilmişdir. Xəzəryanı dövlətlərin maraqlarının təmsilçiləri – Azərbaycanın Avropa Birliyindəki nümayəndəliyinin əməkdaşı Anar Cahangirli, Bakı-Tbilisi-Ceyhan kəmərinin Gürcüstan ərazisi ilə inşasının reallaşdırılması üzrə Gürcüstan nümayəndəsi Georgi Vasakmadze və Qazaxıstan nümayəndəsi Birgit Bauer birmənalı şəkildə bildirmişlər ki, Qazaxıstan-Bakı-Tbilisi-Ceyhan boru kəmərinin iki sistemdən ibarət olacağı, Qazaxıstanda neft hasil edən şirkətlərin dəstəklənməsi və onların nefti bu kəmərlə nəql etməsinə şərait yaradılması artıq razılaşdırılmışdır. Əməkdaşlıq edən tərəflər yekdil qərara gəlmişlər ki, ixrac boru kəmərinə neft nəql edən tərəflərin, sərmayəçilərin müdafiə olunması məqsədi ilə mövcud sazişlərin və qanunların dəyişməzliyi, eləcə də hər iki tərəfdən tanınması əsas amil kimi götürülmüşdür. Əməkdaşlıq tranzit ölkələri, sərmayəçilər, yükgöndərənlər, beynəlxalq maliyyə təşkilatları ilə danışıqlarla yanaşı, əsas ixrac boru kəmərinin seçilməsi prosesi mümkün texniki və ekoloji təhlükəsizliklərin, xüsusilə siyasi risklərin hərtərəfli əhatə edilməsi zəminində razılaşdırılmışdır.
Simpozium iştirakçılarının “Xodorkovskinin YUKOS şirkəti ətrafında başlanan son münaqişələrin Azərbaycandan başlanan neft nəqli marşrutlarına mənfi təsiri olacaqmı?” sualına cavabında Anar Cahangirli bildirmişdir ki, bunun Azərbaycana heç bir aidiyyəti yoxdur, çünki Azərbaycanda şəxsi inhisarlar yoxdur, neft dövlətə və xalqa məxsusdur. Bu sözləri Almaniyanın Azərbaycandakı səfiri, simpozium iştirakçısı cənab Klaus Qrevlix də təsdiqləyərək, neftdən hasil olan gəlirin ölkənin və onun xalqının rifahı və firavanlığı naminə sərf edildiyini dəfələrlə vurğulamış, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin bütün gücü ilə işləyəcəyinə şübhəsinin olmadığını bildirmişdir.