Beş icra hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bakı, 6 avqust, AZƏRTAC
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
“AzInTelecom” MMC-dən AZƏRTAC-a bildirilib ki, Fərmanın icrası çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti, eləcə də Salyan, Şəmkir, Ağsu və Hacıqabul rayon icra hakimiyyətləri öz informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb.
Adıçəkilən qurumlar İT resurslarını “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas data mərkəzinə yerləşdirib. “AzInTelecom” tərəfindən qurumlara Virtual server – IaaS (Infrastructure-as-a-Service) xidməti təqdim edilib. Bununla da qeyd edilən orqanlar kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Nəticədə qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Təhlükəsiz və dayanıqlı İT infrastrukturuna, eləcə də 24/7 rejimində monitorinq xidmətinə nail olunur.
“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC bulud xidmətləri sahəsində TIER III beynəlxalq standartları üzrə fəaliyyət göstərir.