BƏSTƏKARIN XATİRƏ GECƏSİ
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olmuş, dinləyicilərin hüsn-rəğbətini qazanmış görkəmli bəstəkarlardan biri də SSRİ xalq artisti Rauf Hacıyevdir. Müxtəlif janrlarda gözəl əsərlər bəstələmiş unudulmaz sənətkar öz yaradıcılığında Azərbaycanın zəngin xalq musiqisi xəzinəsindən daim böyük ustalıqla bəhrələnmişdir.
Bu barədə iyulun 31-də Azərbaycan Dövlət Muğam Teatrının təşəbbüsü ilə keçirilmiş xatirə gecəsində bir daha söhbət açılmışdır.
Teatrda xalq artisti Rauf Hacıyevin həyat və yaradıcılığını əks etdirən sərgi də açılmışdı.
Gecəni giriş sözü ilə muğam teatrının direktoru Arif Qazıyev açdı, bəstəkarın janr etibarilə rəngarəng, məzmunca çoxcəhətli, gözəl melodiyalarla zəngin olan musiqisindən bəhs etdi. O, bu gecənin Rauf Hacıyevin 80 illik yubileyinin qeyd edilməsi barədə Azərbaycan Prezidentinin sərəncamı ilə əlaqədar keçirilən tədbirlərdən biri olduğunu vurğuladı.
Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, xalq artisti Mirzə Babayev, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor, xalq artisti Xuraman Qasımova, xalq artisti Yaşar Nuri, xalq rəssamı Elbəy Rzaquliyev, qocaman cazmen, “Humay” mükafatı laureatı Rafiq Seyidzadə, xalq artisti İlhamə Quliyeva, əməkdar artist Natəvan Şeyxova və başqaları bəstəkarın parlaq melodik ifadəliyi və emosional səmimiliyi ilə seçilən lirik, şən və məzəli nəğmələrindən söz açdılar. Qeyd olundu ki, Rauf Hacıyev müsiqinin incə çalarları ilə dinləyicilərdə ən müxtəlif ovqat doğururdu. Onun təkcə lirik mahnıları deyil, başqa janrlarda olan əsərləri də aydın, orijinal mövzuları ilə səciyyələnir.
Xatirə gecəsində tanınmış incəsənət ustalarının ifasında sənətkarın gözəl nəğmələri səsləndi, rejissor Arif Qazıyevin çəkdiyi “Bəstəkar Rauf Hacıyev” sənədli televiziya filmi nümayiş etdirildi.
Axırda bəstəkarın yaxın qohumu Rauf Musayev çıxış edərək, bəstəkarın xatirəsinə göstərdiyi diqqətə görə dövlətimizin başçısına, habelə gecənin bütün iştirakçılarına dərin minnətdarlığını bildirdi.