Beyləqan idmançıları ötən il beynəlxalq və respublika yarışlarında yüksək nəticələr qazanıblar
Beyləqan, 2 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikanın bütün bölgələrində olduğu kimi, Beyləqanda da gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər rayonda Gənclər Mərkəzinin, təhsil ocaqlarında idman meydançaları və zalların tikilib istifadəyə verilməsi, Olimpiya İdman Kompleksinin inşası, gənclərin yeni iş yerləri ilə təmin olması bu qayğının bariz nümunəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Beyləqanda keçirilən tədbirdə səsləndirilib. Rayon gəncləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, sənəd və fotoşəkillərlə tanış olublar. Burada keçirilən tədbirdə çıxış edənlər əsaslı ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-gənclər siyasətindən danışıb, gənclər və idman sahəsində əldə olunan nailiyyətlərdən bəhs ediblər.
Bildirilib ki, 2018-ci ildə rayon idmançıları beynəlxalq, respublika və zona yarışlarında yüksək nəticələr qazanıblar. Belə ki, Eldəniz Əzizli yunan-Roma güləşi üzrə həm Avropa, həm də dünya çempionu tituluna və “İlin idmançısı” adına layiq görülüb. Azərbaycan birinciliyində Nicat Abdullayev yunan-Roma güləşi, Bəxtiyar İsrafilli sərbəst güləş, Babək Qəhrəmanov isə taekvando üzrə respublika üçüncüsü olublar. Bundan başqa, milli idman oyunları üzrə respublika spartakiadasında Vaqif Bayramov daşqaldırma, Aysel Mahmudlu gücsınama üzrə ikinci yerlərə, həmçinin məktəblər arasında respublika çempionatında basketbol üzrə rayon komandası üçüncü yerə layiq görülüb.
Tədbirdə 2018-ci ildə fərqlənən gənclər mükafatlandırılıb.