Beyləqan rayonunda Gəncə sakinlərindən külli miqdarda narkotik vasitə aşkarlanıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərlə bağlı məlumat daxil olub. Əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Əli Abbasov və Emin Nağıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılıblar.
Onların üzərinə baxış keçirilən zaman Ə.Abbasovdan 3 kiloqramdan çox tiryək, 1 kiloqram 900 qram heroin və 1 kiloqram 800 qram “patı” adlandırılan psixotrop maddə-metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.