Beyləqan şəhər 8 nömrəli məktəbin sinfinə şəhid Sərxan Bayramovun adı verilib
Beyləqan, 6 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində Beyləqan şəhər 8 nömrəli məktəbin 11-ci sinfinə şəhid Sərxan Bayramovun adı verilib. Bu münasibətlə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları, müəllim və şagirdlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Ordusunun zabiti mayor Elşən Qurbanov, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov və məktəbin direktoru İkram Cəlilov tədbirdə çıxış edərək, layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, “Şəhidlər unudulmur” layihəsinin məqsədi şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsidir. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir.
Sonra hərbi qulluqçular 11-ci sinfə şəhid Sərnan Bayramovun şəklini təqdim ediblər. Sinifdə şəhidin guşəsi yaradılıb. Sinif rəhbəri Sevinc Ədilova sinfə şəhidin adının verilməsi ilə şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Göstərilən etimadı doğrultmaq üçün şagirdlərin təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edib.
Tədbirdə məktəblilər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.