BEYNƏLXALQ AXTARIŞDA OLAN CİNAYƏTKAR YAXALANMIŞDIR
2002-ci il iyunun 26-da Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunlarının Balakən rayonu ərazisində keçirdiyi tədbirlər prosesində dövlət sərhədini Rusiya istiqamətindən pozaraq, qeyri-qanuni yolla Azərbaycana daxil olan əcnəbi saxlanılmışdır. Baxış zamanı sərhəd pozucusunun üzərindən şəxsiyyətini təsdiqləyən heç bir sənəd aşkar edilməmişdir.
Milli Təhlükəsizlik Nazirliyində aparılan araşdırmalar nəticəsində həmin əcnəbinin Tatarıstan və Başqırdıstanın hüquq mühafizə orqanları tərəfindən beynəlxalq axtarışı elan edilmiş Rusiya vətəndaşı, 1975-ci il təvəllüdlü, milliyyətcə başqırd Ramazan Raviloviç İşgildin olduğu müəyyənləşdirilmişdir.
Məlum olmuşdur ki, Ramazan İşgildin 1999-cu ildə Tatarıstan ərazisindən keçən Perm-Nijni Novqorod magistral qaz kəmərini partladan terrorçu qrupa rəhbərlik etmişdir.
Cinayətkar qrupun 9 üzvü Rusiyanın hüquq mühafizə orqanları tərəfindən yaxalanmış, Ramazan İşgildin isə məsuliyyətdən yayınaraq, bir müddət Qazaxıstanda və Tacikistanda gizlənmişdir.
Rusiya və Azərbaycan arasında hüquqi əməkdaşlığa dair müqavilənin şərtlərinə uyğun olaraq, iyulun 20-də Ramazan İşgildin respublika Baş prokurorunun qərarı ilə Binə hava limanında müqabil tərəfin hüquq mühafizə orqanlarının əməkdaşlarına təslim edilmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin
mətbuat xidməti