BEYNƏLXALQ CÜDO FEDERASİYASININ PARİS SİRRLƏRİ
Bakı, 22 oktyabr (AZƏRTAC). Oktyabrın 22-də Azərbaycanın gənclərdən ibarət cüdo üzrə yığma komandası Parisdə keçirilən dünya çempionatında mübarizəyə başlamışdır. Komandanın əsasını bu yaxınlarda Yerevanda keçirilmiş Avropa çempionatında uğurla çıxış etmiş idmançılarımız, o cümlədən Avropa çempionu Elmar Qasımov (100 kq) təşkil edirlər. Düzdür, Fransada onlar üçün bir qədər çətin olacaqdır. Söhbət təkcə mükafat yerləri uğrunda rəqabətin güclənməsindən getmir.
Beynəlxalq Cüdo Federasiyası (İJF) Parisdə iştirakçıların mütləq qaydada uyğunlaşmalı olacaqları eksperimentləri tətbiq etmək qərarına gəlmişdir. İndiyədək cüdo yarışlarında istifadə olunan bütün ayaqdan yapışma üsulları qadağan edilmişdir. Əks təqdirdə idmançılar cəzalandırılacaqdır. Beynəlxalq Cüdo Federasiyasını bir məsələ də narahat edir ki, idmançılar qarşılaşma gedişində sambonun mübarizə texnikasından tez-tez istifadə edirlər. Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komissiyasının rəhbəri Xuan Karlos Barkos bildirmişdir ki, bu, Olimpiadada idmanımızın gələcəyi üçün yaxşı hal deyildir. Əgər tətbiq olunan yeniliklər bəyənilərsə, onlar İJF-in himayəsi ilə keçiriləcək bütün yarışlar üçün rəsmi qayda olacaqdır.
Cüdonun modernləşdirilməsi üçün növbəti addım qarşılaşmaların üç deyil, bir hakim tərəfindən idarə edilməsi olacaqdır. Lakin tatami üzərində hakimlərin səhvə yol verməmələrinə qarşılaşmanı lentə alan videotexnika kömək edəcəkdir. Görüşün idarə olunmasında çətinlik yarandığı təqdirdə videotexnika hakimin vəziyyəti dəqiq qiymətləndirməsinə kömək göstərəcəkdir. Xuan Karlos Barkos demişdir: “Məqsədimiz cüdonu daha peşəkar səviyyəyə qaldırmaqdır. Hakimliyin özü də yüksək səviyyədə olmalıdır. Tatami üzərində hakimlərin sayı nə qədər az olarsa, qarşılaşma meydanı təmiz olacaq, tamaşaçılar və televiziya üçün daha yaxşı görüntü imkanları yaranacaqdır”.