Beynəlxalq ekspert: Azərbaycan demokratik seçki ənənəsini daha da inkişaf etdirib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanda keçirilən prezident seçkiləri Pakistanla münasibətlərin gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün prosesi diqqətlə izləyirik. İlk növbədə, qeyd etmək istərdim ki, ölkənizdə seçki prosesi demokratik prinsiplər əsasında həyata keçirilib, xüsusilə namizədlərin bərabər şəraitdə rəqabət aparmaları üçün yaradılan şərait digər ölkələr üçün nümunədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında pakistanlı ekspert, İslamabadda yerləşən YFK beyin mərkəzinin icraçı direktoru Zaman Bacva söyləyib.
Azərbaycanın demokratik seçki ənənələrinə malik ölkə olduğunu vurğulayan ekspert bildirib ki, Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə kimi Azərbaycanın seçki ənənəsi bir əsr əvvələ gedib çıxır. Yəni, Azərbaycan qadınlara seçki hüququnu dünyanın bir sıra aparıcı ölkələrindən çox-çox əvvəl verib.
Z.Bacva müstəqilliyin bərpasından sonra Azərbaycanın demokratik seçki ənənəsini daha da inkişaf etdirdiyini vurğulayıb. Deyib ki, istər qanunvericiliyin təkmilləşdirilməsi, istərsə də seçkilərin təşkili baxımından kifayət qədər müsbət irəliləyişlər əldə olunub.
“Azərbaycanın seçki təcrübəsi və mükəmməl qanunvericilik bazası var. Buna görə də fevralın 7-də növbədənkənar prezident seçkiləri çox yüksək səviyyədə, tam şəffaf və demokratik prinsiplərə uyğun keçirildi”, - deyən pakistanlı ekspert Azərbaycanda medianın seçki prosesində iştirakı üçün yaradılan şəraitin də müsbət olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, seçkiqabağı proses, eləcə də seçki günü səsvermənin gedişatının işıqlandırılması prosesinə xeyli sayda yerli və beynəlxalq media subyekti cəlb olunmuşdu. Bu, digər ölkələr üçün nümunədir.