ELM VƏ TƏHSİL
“Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda seminarlar davam edir
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyasında “Clarivate Analytics” (“Thomson Reuters”) agentliyinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda növbəti seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminarda Radiasiya Problemləri İnstitutunun, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, İnformasiya Texnologiyaları İnstitutunun Biofizika İnstitutunun alim və mütəxəssislərinə “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, dərc olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdim edilməsi qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən danışılıb.
İneş Kenjinanın seminarları davam edir. O, fevralın 6-da və 8-də AMEA-nın əsas binasında, fevralın 7-də Mərkəzi Elmi Kitabxanada “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda seminar keçirəcək.
Xatırladaq ki, İneş Kenjina nüvə fizikası sahəsində 20-dən çox “Web of Science” indeksli məqalənin müəllifidir.