Beynəlxalq elmi konfrans: Azərbaycan fəlsəfəsi və universal dəyərlər
Bakı, 17 noyabr, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycan fəlsəfəsi və universal dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, UNESCO-nun təsis etdiyi Dünya Fəlsəfə Gününə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, Əlcəzair, Bolqarıstan və Mərakeşdən olan alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışıb. Bu tarixi gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfransların təşkil olunduğunu bildirən İlham Məmmədzadə fəlsəfə elminin öyrənilməsinin və fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının qorunmasındakı rolundan danışıb, maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini vurğulayıb.
O, həmçinin fəlsəfənin problemlərinə diqqət çəkərək bu istiqamətdə bir sıra işlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. Fəlsəfə və ideologiya haqqında danışan İlham Məmmədzadə fəlsəfəni ideologiyasız və ideologiyanı da fəlsəfəsiz təsəvvür etməyin mümkün olmadığını bildirib.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Fəlsəfə və müasirlik”, Əlcəzair Elmi Araşdırmalar Mərkəzindən UNESCO-nun eksperti, professor Uiza Gallez “Əlcəzairdə fəlsəfə: siyasiləşmiş tarix”, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutundan professor Bogdana Todorova “Şərq və Qərb arasında dialoqun inkişafı haqqında Azərbaycan fəlsəfi ideyaları” mövzularında məruzə ilə çıxış ediblər. Həmçinin Fəlsəfə və Sosiologiya İnstitutundan professor Rəna Mirzəzadənin “İlham Əliyev strategiyasında universal dəyərlərə baxış”, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutundan Albena Nakovanın “Müasir bolqar cəmiyyətində dəyərlərin dinamikası”, professor Əbülhəsən Abbasovun “Müasir islahatların ümumfəlsəfi əsasları”, Mərakeşin Azərbaycanda sabiq səfiri Hami Hassanın “Xüsusiyyətçilik və universalizm: istəklə düşünmək və universal dəyərləri həqiqətdə həyata keçirmək”, fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın “Azərbaycan fəlsəfə tarixi elminin başlanğıcında: bəşəri dəyərlər prizmasından baxış”, professor Azər Mustafayevin “Abbasqulu ağa Bakıxanovun fəlsəfi irsi Zakir Məmmədov yaradıcılığının prioritet istiqamətlərindən biri kimi” mövzularında məruzələri dinlənilib.