Beynəlxalq Gənclər Forumunun iştirakçıları Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar
Ağdam, 8 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı və Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə ölkəmizdə keçirilən Zəfər Gününə həsr olunmuş “Avropa gəncləri sülh naminə” adlı Beynəlxalq Gənclər Forumunun iştirakçıları Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat verib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının və Çörək muzeyinin binalarının qalıqlarına və yerlə yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib. Qonaqlara həmçinin Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli AZƏRTAC-a açıqlamasında deyib: “Avropa gəncləri sülh naminə” adlı Beynəlxalq Gənclər Forumunun 21 ölkədən olan 30-dan artıq iştirakçısı noyabrın 4-dən Azərbaycandadır. Forumun keçirilməsində məqsəd Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun 30 ilə yaxın müddətdə davam edən işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dünyaya çatdırmaq, ölkəmizin ədaləti və beynəlxalq hüququn tələblərini öz gücü ilə təmin etməsini beynəlxalq arenada təbliğ etməkdir. Forum iştirakçılarının Ağdam şəhərinə səfərində məqsəd isə onları Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər, cinayət izləri ilə, eləcə də işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən böyük quruculuq-abadlıq işləri ilə də tanış etməkdir. Daha sonra Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dağılmış ərazilər ziyarət ediləcək. Sonda Azərbaycanın regionda sülh, əməkdaşlıq, mehriban qonşuluq və təhlükəsizliyin bərqərar olunması ilə bağlı çağırışlarını dəstəkləyən Bəyannamənin qəbulu və “Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı geniş tərkibli əməkdaşlıq platformasının təsis olunması nəzərdə tutulub”.
Moldovadan olan Forum iştirakçısı Minzat Yelena Ağdamda gördüklərindən çox təsirləndiyini bildirib: “Ağdamda kədər, qəm ab-havası var. Səfər hər birimiz üçün çox təsiredici oldu. Mən məzarlıqda o qədər təsirləndim, kövrəldim ki, öz ölkəmizdəki adət-ənənələrə uyğun olaraq məzarların üstünə meyvə və şirniyyat qoydum. Universitetdə təhsil alarkən beynəlxalq münaqişələr adlı dərsimiz var idi. Biz sizin münaqişəni öyrənmişik. Dünya bu haqda daha çox bilməlidir. Sizin xalqınızın qonaqpərvərliyi, mehribanlığına heyran qalmışam. Xalqınıza sülh və əminamanlıq arzu edirəm”.
Türkiyədən olan iştirakçı Aylin İşıklı isə deyib: “Ağdama gəlmək mənim üçün böyük sevinc olsa da, son dərəcə kədərliyəm. Belə vəhşiliyi görmək insanın qanını dondurur. Bu vəhşilik bir daha təkrarlanmamalıdır. Ağdama daxil olanda çox duyğulanmışdım. Şəhərdəki dağıntıları görmək çox ağırdır. Qayıdanda gördüklərim haqda dünyaya bəhs edəcəm. İnanıram ki, bir neçə ildən sonra bura çox fərqli yer olacaq, şəhər yenidən qurulacaq. Ancaq dağıntıların bir hissəsini olduğu kimi saxlamaq lazımdır ki, bu vəhşilik heç zaman unudulmasın”.