İDMAN
Beynəlxalq İdman Dırmanma Federasiyasının vitse-prezidenti Bakıda səfərdədir
Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 28-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Beynəlxalq İdman Dırmanma Federasiyasının (İFSС) vitse-prezidenti Helmut Knabl Bakıya işgüzar səfərə gəlmişdir.
Federasiyadan AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı H.Knabl FAİREX-in yeni açılmış ofisində federasiyanın prezidenti Hüseyn Bağırovla və idman klublarının fəalları ilə görüşmüşdür.
Sonra İFSC-nin tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş “Climbaku” İdman Dırmanması Mərkəzi ilə tanış olmuş və orada keçirilən seçmə turniri izləmişdir.
Səfər çərçivəsində qonaq gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri İsmayıl Sadıqovla görüşmüşdür.
Görüşdə qonaq beynəlxalq federasiyanın fəaliyyəti, qarşıda duran planları haqqında məlumat vermiş və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnunluğunu bildirmişdir. Həmçinin o, FAİREX-in 2010-cu ilin əvvəlindən İFSС-yə üzv olduğunu və bu qısa müddət ərzində federasiyanın işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakını qeyd etmişdir.
Müzakirələr zamanı Beynəlxalq İdman Dırmanma Federasiyası ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası arasındakı əlaqələrin koordinasiya olunması barədə danışıqlar aparılmışdır.
Qonaq Bakının və Azərbaycanın görməli yerləri ilə tanış olmuşdur.