Beynəlxalq konfransda PUA-da kiberhücumların aşkarlanması üsulları haqqında tədqiqat işi müzakirə olunub
Bakı, 1 noyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlı NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransda “Pilotsuz uçuş aparatında kiberhücumların aşkarlanması üsulları” mövzusunda məruzəsini təqdim edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədqiqatçı bildirib ki, pilotsuz uçuş aparatlarının (PUA) müxtəlif sahələr üzrə istifadəsinin sayı artdıqca, onlara qarşı kiberhücumların sayı da çoxalmaqdadır. Kiberhücumlar PUA-nın qaçırılması, qəsdən qəzaya uğradılması və ya buna bənzər digər səbəblərə görə edilə bilər. Buna görə də PUA-ların kibertəhlükəsizliyinin təmin olunması aktual məsələdir. PUA-lara qarşı əsasən xidmətdən imtina, paylanmış xidmətdən imtina, GPS aldatması, ortada adam, ARP aldatması kimi kiberhücumlardan istifadə olunur.
O.Vəlixanlı tədqiqat işində hər bir hücum haqqında ümumi məlumatın verildiyini, hücumlara qarşı tətbiq olunan mövcud aşkarlama metodlarının təhlilinin aparıldığını söyləyib. Həmçinin aşkarlama metodları arasında müqayisələr aparıldığını, hər birinin müsbət və mənfi cəhətlərinin göstərildiyini diqqətə çatdırıb.