Beynəlxalq maliyyə institutları üçün Vyananın əhəmiyyəti artır
Vyana, 2 aprel, AZƏRTAC
Avropanın mədəniyyət paytaxtlarından biri olan və müxtəlif beynəlxalq təşkilata ev sahibliyi edən Vyana indi də beynəlxalq maliyyə institutları üçün mühüm mərkəzə çevrilməkdədir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (IMF) bu ilin iyunda Vyanada öz nümayəndəliyini açacaq. Bu məqsədlə Avstriyanın Federal Maliyyə Nazirliyi şəhərin mərkəzindəki ofis binalarından birində bir neçə mərtəbəni artıq icarəyə verib və müvafiq ofis mebeli ilə təhciz olunub.
Vyana bürosu IMF-nin Avropada sayca 7-ci nümayəndəliyi olacaq. Mərkəzi qərargahı Vaşinqtonda yerləşən beynəlxalq qurumun Avropada digər büroları Fransa, Belçika, Rumıniya, Polşa, Macarıstan, Kipr və Bolqarıstandadır. Vyana bürosunun əsas fəaliyyət istiqaməti Qərbi Balkan regionunu xüsusi diqqətdə saxlamaqla Mərkəzi və Şərqi Avropa ölkələri olacaq.
Dünya Bankı da Vyanadakı əməkdaşlarının sayını artırmaq niyyətindədir. Avstriyanın “Die Presse” qəzetinin məlumatına görə, bu qurum yaxın müddətdə Vyanadakı əməkdaşlarının sayını 250-yə çatdırmaq istəyir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana