“BEYNƏLXALQ MÜNASİBƏTLƏR ÜZRƏ QAFQAZ JURNALI”NIN NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyada azərbaycanlı mütəxəssislər tərəfindən yaradılmış “Beynəlxalq Münasibətlər üzrə Qafqaz Jurnalı”nın (Caucasian Review of International Affairs - CRIA) növbəti nömrəsi çapdan çıxmışdır.
Jurnalın baş redaktoru Nəsimi Ağayevin verdiyi məlumata görə, yeni nömrədə müxtəlif ölkələri təmsil edən tanınmış alimlərin gürcü-abxaz münaqişəsi, “Nabukko” qaz kəmərinin perspektivləri və Türkmənistanın rolu, İran amili kontekstində Mərkəzi Asiya bölgəsinin coğrafi siyasəti, Türkiyə hökumətinin Qafqaz və Mərkəzi Asiya siyasəti, Türkiyə-Yunanıstan münasibətlərində problemlər mövzularında məqalələri dərc edilmişdir. Bu nömrədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məşhur kitabın müəllifi Tomas de Vaal ilə Qafqazdakı münaqişələrə həsr olunmuş geniş müsahibə maraq doğurur.
Yaradıldığı vaxtdan az müddət keçməsinə baxmayaraq, CRIA Avropa və ABŞ-ın intellektual dairələrində geniş şəkildə tanına bilmişdir. ABŞ və Avropanın bir sıra beyin mərkəzləri, strateji qrupları və KİV-ləri bu jurnala abunə olmuş və onunla əməkdaşlığa böyük maraq göstərmişlər.
Jurnal ötən dövr ərzində özünün beynəlxalq məsləhətçilər Şurasını da təsis etmişdir. Şuraya ABŞ-ın Kolumbiya Universitetinin professoru Robert Leqvold, London İqtisadiyyat Məktəbinin dosenti Dr. Roy Alliso, Türkiyənin Yaxın Şərq Texniki Universitetinin professoru Hüseyn Bağçı, Almaniyanın Ziqen Universitetinin professoru Rüdiqer Kipke, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Xəzər Regionu Tədqiqatları üzrə Beynəlxalq İnstitutun direktoru, İranın sabiq xarici işlər nazirinin müavini Abbas Maliki, Almaniyanın Zaksen-Anhalt federal torpağının sabiq Baş naziri professor Verner Münh və başqaları daxildir.
Jurnalın yeni nömrəsi ilə http://www.cria-online.org elektron ünvanında tanış olmaq olar.
######
