BEYNƏLXALQ STANDARTLARA DOĞRU İLK UĞURLU ADDIM ATILMIŞDIR
Respublikamızın neft emalı sənayesinin ən iri müəssisəsi olan bu zavodun kollektivi yaxın gələcəkdə beynəlxalq standartlara keçməyi qarşısına məqsəd qoymuşdur. Beynəlxalq standartların tətbiqi hansı məqsədi daşıyır və müəssisəyə nə verəcəkdir? AZƏRTAC müxbirinin sualına zavodun direktoru Rövnəq Abdullayev belə cavab vermişdir:
-Hazırkı mərhələdə respublikamızda iqtisadiyyatın bütün sahələrində müxtəlif mülkiyyət formalarının yaranması və rəqabətin güclənməsi məhsul istehsalında beynəlxalq standart modelinə keçməyi zəruri etmişdir.
Beynəlxalq standartların tələbləri yalnız məhsulun keyfiyyətinə aid deyildir. Müəssisənin texniki səviyyəsi, istehsal mədəniyyəti, hazır məhsulun saxlanılması, daşınması, işçilərin sosial şəraiti və onların müvafiq biliyə malik olması da tələb edilir. Beynəlxalq standartlar elmi-texniki tərəqqinin nailiyyətlərini özündə sistemli şəkildə birləşdirən, iqtisadiyyatın inkişafına şərait yaradan əsas amillərdəndir.
Keyfiyyət, ekologiya və texniki təhlükəsizlik üzrə müvafiq sertifikatları almadan beynəlxalq standarta yiyələnmək qeyri-mümkündür. Bunsuz isə dünya bazarında böyük şirkətlərlə rəqabətə girmək çətindir. Hətta ən keyfiyyətli məhsul istehsal edən müəssisə belə, onu sertifikatı olan şirkətlərdən çox ucuz qiymətə satmaq məcburiyyətində qalır.
Zavodumuzda beynəlxalq standartın sertifikatını almaq üçün geniş və ardıcıl tədbirlər görülür. Biz müvafiq xidmət sahəsi yaratmışıq. Bu işə səriştəsi və sertifikatı olan təcrübəli mütəxəssislər cəlb etmişik, onları təlimatlandırmışıq, vəzifələrini dəqiqləşdirmişik. Zavodumuzun bütün istehsal sahələrini, kommunikasiya sistemini və ərazisini standartların tələblərinə uyğun yenidən qurmuşuq. İstehsalat mədəniyyəti və estetikası baxımından zəruri işlər görmüşük. Müəssisənin ərazisini yaşıllaşdırmışıq. Beləliklə, ekoloji vəziyyəti xeyli yaxşılaşdırmışıq. İşçilərimizi müasir əmək alətləri, xüsusi geyim və digər fərdi mühafizə vasitələri ilə təmin etmişik.
Ümid edirik ki, yaxın gələcəkdə beynəlxalq standartlara uyğun məhsul istehsalına keçə biləcəyik.