Beynəlxalq Telekommunikasiya İttifaqı maliyyə xidmətlərinin birgə fəaliyyətini müzakirə edəcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəqəmli maliyyə xidmətləri üzrə operativ qrupu (DFS) beynəlxalq telekommunikasiya cəmiyyətlərinin və maliyyə xidmətlərinin birgə fəaliyyətinin müzakirə olunacağı qlobal iclas keçirməyə hazırlaşır. DFS dünyanın ən mürəkkəb sosial-iqtisadi problemlərindən birinin - yoxsulluq içərisində yaşayan 2 milyard əhalinin rəsmi maliyyə xidmətlərindən istifadəsinin həlli yollarını araşdıracaq.
AZƏRTAC "ITU www.itu.int" saytına istinadla xəbər verir ki, 30 ölkənin 60 təşkilatını təmsil edən nümayəndələrdən ibarət operativ qrup hazırda bank xidmətləri ilə əhatə olunmayan əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə əngəl törədən bir sıra mühüm məsələləri praktiki müzakirə edəcək.
İlkin nəticələrin sentyabrın 30-dan oktyabrın 2-dək Kuala-Lumpurda, eləcə də dekabrda Cenevrədə növbəti iclasda müzakirə olunacağı gözlənilir.
Yekun hesabatların 2016-cı ilin sonunda dərc edilməsi nəzərdə tutulur.
"Mobil rabitənin maliyyə xidmətlərinin göstərilməsi məsələsində oynaya biləcəyi rolu nəzərə alan BTİ müstəsna mövqe tutmaqla dünya telekommunikasiya və maliyyə xidmətləri sahələrinin tənzimləyici orqanlarının nümayəndələrini daha yaxşı anlaşmaya xidmət edən və praktiki həlləri təmin edən ümumi beynəlxalq struktur hazırlamaq üçün bir araya gətirir", - deyə BTİ katibi Houlin Çjao qeyd edib.