İQTİSADİYYAT
Bibiheybət yolunda tikinti-bərpa işləri gələn həftə yekunlaşacaq
Bakı, 9 iyun, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, AAYDA-nın və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır. Layihəyə uyğun olaraq, artıq yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb. Analoji işlər yamacın üst hissəsində də aparılıb.
Bundan başqa, ərazidə yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılıb, istinad divarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılıb.
Hazırda yolun hərəkət hissəsinin tam bərpası istiqamətində addımlar atılır. Bu məqsədlə yamacın doldurulması üçün əraziyə qrunt gətirilərək dolğu işləri görülüb. Ərazidə yeni yol yatağı da tikilir. Ardınca yol əsası inşa edilərək yaxın günlərdə asfaltlanma işlərinə də başlanması planlaşdırılır.
Tikinti-bərpa işlərinin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.