Biləsuvarda qanvermə aksiyası keçirilib
Biləsuvar, 12 yanvar, Mahir Babayev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Qan ver, yaşat!” qanvermə aksiyası yanvarın 12-də Biləsuvarda təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasında keçirilən aksiyada icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların, icra nümayəndələri və bələdiyyələrin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrindən olmaqla, 121 donor iştirak edib.
Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
Aksiya sərtləşdirilmiş karantin rejiminin qaydalarına uyğun təşkil edilib.