ELM VƏ TƏHSİL
Bioloji tədqiqatlarda EPR metodu - elmi seminar
Bakı, 1 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioloji tədqiqatlarda EPR metodu. İnsan ağciyərində sağlam və karsinoma hallarında hüceyrə membranının EPR metodu vasitəsilə xarakterizə edilməsi” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova EPR spektroskopiya metodu və onun işlənmə prinsipi haqqında məlumat verib. Məruzəçi bu metodun tibdə və biologiyada tətbiqini, digər spektroskopik metodlardan üstünlüklərini qeyd edib.
Daha sonra Mətanət Baxışova Biofizika İnstitutunda insan ağciyərində sağlam və karsinoma hallarında aparılmış və əldə edilmiş nəticələr haqqında ətraflı məlumat verib. O, laurin turşusunun, spin zondu vasitəsilə aparılan tədqiqatlar zamanı xərçəng hüceyrə membranlarının dinamikasının və keçiriciliyinin sağlam hüceyrə membranlarından daha çox olduğunun müəyyən edildiyi haqqında, eyni zamanda, Tempo spin zondu və onun modifikasiya olunmuş formaları ilə aparılan tədqiqatların fərdiləşdirilmiş təbabətə töhfəsi və praktiki əhəmiyyəti haqqında danışıb.
Seminarın sonunda mövzu ətrafında suallar verilib və elmi müzakirələr aparılıb.