BİRGƏ TƏŞƏBBÜSLƏR VASİTƏSİLƏ ƏMƏKDAŞLIĞA DOĞRU
İntel korporasiyasının prezidenti, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Kreyq Baret Sankt-Peterburqa gəlmişdir. AZƏRTAC-a verilən məlumata görə, Kreyq Baret XII Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmişdir. Həmin forum çərçivəsində təhsilə, texniki infrastruktura, elmi tədqiqatlara və araşdırmalara sərmayə qoyulması məsələləri müzakirə edilmişdir. Bu, qlobal səviyyədə rəqabətədavamlılığın təmin edilməsi yolunda çox mühüm mərhələdir.
Kreyq Baretin Neva sahillərindəki şəhərə səfəri onun qlobal “İntel & World Ahead” proqramının nümayəndəsi, həmçinin BMT yanında qlobal informasiya-kommunikasiya texnologiyaları və inkişaf alyansının sədri kimi MDB ölkələrinə turnesinin yekun mərhələsi olmuşdur. Doktor Baret İntel korporasiyasının MDB ölkələrində həyata keçirdiyi təhsil proqramlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslər barədə məlumat vermiş, Rusiya, Azərbaycan və Qazaxıstanda elmin və iqtisadiyyatın yüksəlişində informasiya texnologiyalarının inkişaf perspektivlərini və rolunu açıqlamış, yerli pedaqoji ictimaiyyətin liderlərinə müraciət edərək onları müasir texnoloji nailiyyətləri təhsil proseslərinə daha fəal tətbiq etməyə çağırmışdır.
Dünyada innovasiyalı yarımkeçirici komponentlərin aparıcı istehsalçısı olan İntel korporasiyası insanların həyat səviyyəsinin daim artırılmasına və onların iş metodlarının təkmilləşdirilməsinə yönəlmiş texnologiyalar və müvafiq məhsullar yaradır, bu cür təşəbbüsləri həyata keçirir. Korporasiya dünyanın 52 ölkəsində hökumət təşkilatları, xidmət provayderləri və başqa sahələrdə tərəfdaşları ilə sıx əməkdaşlıq edir.