Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsinin məqsəd və vəzifələri barədə məlumat veriləcəkdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, oktyabrın 31-dən noyabrın 5-dək Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqə çərçivəsində oktyabrın 31-də “Four Seasons Hotel Baku” mehmanxanasında kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçiriləcəkdir.
Konfransda müsabiqənin Beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmakinin, münsiflər heyətinin üzvləri - Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri Elbəy Qasımzadənin, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtasın, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və Hayder Alinin, eləcə də MDB-yə üzv dövlətlərin Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının və Qazaxıstan Memarlar İttifaqının prezidenti Akmurza Rustambekovun iştirakı nəzərdə tutulmuşdur.
Mətbuat konfransında müsabiqənin məqsəd və vəzifələri, müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlər və layihənin növbəti illərdə davamı ilə bağlı məlumat veriləcək və kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılacaqdır.