BİRİNCİ KURS TƏLƏBƏLƏRİ TƏBRİKLƏRİ QƏBUL EDİRLƏR
Sumqayıt məktəblərinin məzunları ali məktəblərə qəbul imtahanlarında ənənəvi olaraq yüksək bilik səviyyəsi nümayiş etdirirlər. AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu il 1281 abituriyent tələbə adı qazanmışdır. Toplanan balların sayına görə ölkədə birinci və ikinci yerləri də məhz sumqayıtlılar tuturlar. Elvin İsmayılov 697,5 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Fərid Əsgərov isə 690 balla Bakı Dövlət Universitetinin kibernetika fakültəsinin tələbələri olmuşlar.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev birinci kurs tələbələrini təbrik edərək, dövlətin gənc nəslə məqsədyönlü şəkildə qayğı göstərdiyini diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sisteminin keyfiyyətcə yaxşılaşdırılmasına, modernləşdirilməsinə yönəlmiş müvafiq Sərəncamı təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xəttin ardıcıl surətdə davam etdirildiyini göstərir.
Təhsil şöbəsinin müdiri Vidadi Bağırov, məktəb direktorları, valideynlər çıxış edərək, Sumqayıt məktəblərində təhsilin yüksək səviyyədə qurulması üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Qısa müddət ərzində məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, müasir avadanlıq və mebel alınmışdır. Orta təhsil müəssisələrinin mərhələlərlə kompyuterləşdirilməsi davam etdirilir. Bütün bunlar gənclərin biliyə yiyələnmək həvəsini artırır.
Fərqlənən birinci kurs tələbələri yüksək ixtisaslı mütəxəssislər olmaq üçün səylə oxuyacaqlarına söz vermişlər.
Sonda 600-dən çox bal toplamış məzunların hər birinə pul mükafatı təqdim edilmişdir.