Birinci rübdə əmtəə ixracı və idxalı artıb
Bakı, 10 iyun, AZƏRTAC
Birinci rübdə əmtəə ixracı 8.1 milyard dollar (2.1 dəfə artım) təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2.2 dəfə artaraq 7.4 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (7.4 milyard dollar) 3.8 milyard dolları xam neftin, 3.5 milyard dolları təbii qazın, 0.1 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin I rübü üzrə qeyri-neft ixracı 54.7 faiz artaraq 0.7 milyard dollar olub.
2022-ci ilin I rübü üzrə əmtəə idxalı 16.8 faiz artaraq 2.7 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.2 milyard dollar olub, bunun da 433 milyon dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 24.2 faiz artaraq 2.3 milyard dollar olub. Qeyri-neft idxalının strukturunda metalların (93.1 faiz), kağız məmulatlarının (57.9 faiz), əczaçılıq məhsullarının (44.3 faiz), kərə yağının (30 faiz), dənli bitkilərin (29.4 faiz), ətir və kosmetik vasitələrinin (26.4 faiz), gəmilər, qayıqlar və üzən konstruksiyaların (19.8 faiz), mebel məhsullarının (17 faiz), ağac məmulatlarının (15.6 faiz), minik avtomobillərinin (12.1 faiz), daş və şüşə məmulatlarının (10.4 faiz), tərəvəz məhsullarının (5 faiz), bitki yağlarının (1.8 faiz), alkoqollu və alkoqolsuz içkilərinin (0.2 faiz) idxalı artıb. Bu dövrdə uçuş aparatlarının (80.1 faiz), dəmir yolu nəqliyyat vasitələrinin (78.8 faiz), tütün məhsullarının (35.1 faiz), qazanlar, avadanlıq və mexaniki qurğuların (17.5 faiz), şəkərin (10.7 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.5 faiz təşkil edərək 121 milyon dollar olub.