Birinci rübdə respublika üzrə elektrik enerjisi istehsalı 7,7 faiz artıb
Bakı, 12 aprel, AZƏRTAC
2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 milyon kVt/st, yəni 7,7 faiz artaraq 7 756,2 milyon kVt/st olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-mart aylarına nisbətən İES-lərdə 527,3 milyon kVt/st artaraq 7 387,4 milyon kVt/st, SES-lərdə 24,7 milyon kVt/st artaraq 277,9 milyon kVt/st, digər mənbələr üzrə isə 0,3 milyon kVt/st azalaraq 90,9 milyon kVt/st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 15,5 milyon kVt/st, günəş elektrik stansiyalarında 13,4 milyon kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 62 milyon kVt/st elektrik enerjisi istehsal edilib.
Üç ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 043,4 milyon kVt/st (İES-lərdə 6 781,1 milyon kVt/st, SES-lərdə 262,3 milyon kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 87,3 milyon kV/st (İES-lərdə 61,5 milyon kVt/st, SES-lərdə 13,6 milyon kVt/st, Günəş ES-də 12,2 milyon kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 11,8 milyon kVt/st, müstəqil elektrik stansiyaları üzrə 613,7 milyon kVt/st təşkil edib. 2023-cü ilin yanvar-mart ayları ərzində elektrik enerjisinin idxalı 31,3 milyon kVt/st, ixracı isə 1 238,9 milyon kVt/st olub.
Qeyd edək ki, 2023-cü ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 269,4 milyon kVt/st və ya 11,7 faiz artaraq 2579,3 milyon kVt/st olub. Mart ayında elektrik enerjisinin idxalı 10,2 milyon kVt/st, ixracı isə 402,9 milyon kVt/st təşkil edib.