Bişkekdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilmişdir
Bişkek, 11 may (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş mərasim keçirmişdir.
Tədbirdə Qırğızıstan parlamentinin deputatları, xarici ölkələrin Bişkekdəki səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai-siyasi xadimlər, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat vermişdir. Səfir ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərindən danışaraq qeyd etmişdir ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolunu seçmiş, “Əsrin müqaviləsi” imzalanmışdır.
Bişkek şəhərinin meri İsa Omurkulov, Qazaxıstan və Rusiyanın Qırğızıstandakı səfirləri Beybut İsabaev və Valentin Vlasov, parlamentin deputatı Narınbek Moldobaev, paytaxtdakı “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Alaferdov və başqaları ulu öndər Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən reallaşdırdığı mühüm layihələri yada salmış, Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderin Azərbaycan dövlətinin möhkəmlənməsindəki tarixi xidmətlərindən danışmışlar.
Tədbirin sonunda Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev” filmi nümayiş etdirilmişdir.
Sonra iştirakçılara ziyafət verilmiş, mərasim konsert proqramı ilə başa çatmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek