Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Bakı, 7 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalçıları və ixracatçıları ilə görüş keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə mütəxəssislər fındıq, nar, soğan, xiyar, gilas, şaftalı məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlara zəruri məlumatlar çatdırıblar.
Tədbirdə Rusiya Federasiyası tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin müvafiq göstəricilərə uyğun olmayan meyvə-tərəvəz məhsullarının həmin ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinfeksiya tədbirləri həyata keçirilməlidir.
Görüşdə bitki mənşəli məhsulların ixracı ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib və təsərrüfat sahiblərinin üzərinə düşən məsuliyyət onların diqqətinə çatdırılıb.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.