“Biz 10 milyon olduq!” – Qubadlı sakinləri bu sevinci bayram konserti ilə qeyd ediblər
Sumqayıt, 8 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycanda əhalinin sayının 10 milyona çatması Sumqayıt şəhərində yerləşən “28 May” Mədəniyyət Evinin qarşısındakı meydançada Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən “Biz 10 milyon olduq!” adlı konsertlə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, gənclər və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbir məktəblilərin hazırladıqları fləşmobla başlayıb.
Tədbirdə qeyd olunub ki, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Körpənin valideynləri işğal olunmuş Ağdərə rayonunun sakinləridir. Bildirilib ki, dünyaya gələn uşaq ailənin ilk övladıdır.
Bayram konserti ilə davam edən tədbirdə Vətəni, ölkəmizin gözəlliyini vəsf edən mahnılar səsləndirilib.