“BİZİM BÜLBÜL-DÜNYANIN BÜLBÜLÜ”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, kitab Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Özü Bülbül, sözü Bülbül” başlıqlı ön sözü ilə açılır.
Yazıçı Nahid Hacızadənin çapa hazırladığı və redaktoru olduğu kitabda ölməz müğənni haqqında Azərbaycanın, habelə bir sıra ölkələrin tanınmış söz-sənət adamlarının, görkəmli şəxsiyyətlərin məqalə və xatirələri, şairlərimizin böyük sənətkara həsr etdikləri şerlər verilmişdir.
Xatirələrdə bildirilir ki, xalqımızın sevimli müğənnisi öz bənzərsiz ifasında milli koloritlə klassik vokal texnikasını üzvü surətdə birləşdirmiş, musiqi mədəniyyətimiz tarixində silinməz iz qoymuşdur.
Kitabda böyük türk şairi Nazim Hikmətin Bülbül haqqında bu sözlərini oxuyuruq: “Sənin səsin, sevimli qardaşım, bütün ömrün boyunca insanları gözəlliyə, həqiqətə, haqqa, ümidə çağırdı”.
Kitabın “Bülbül ömründən anlar” bölməsində ölməz sənətkarın həyatının müxtəlif dövrlərində ədəbiyyat və incəsənət xadimləri ilə çəkilmiş fotoşəkillərdən ibarət illüstrasiyalar yer almışdır.
Kitabın məsləhətçiləri dahi müğənninin həyat yoldaşı, Bülbülün memorial muzeyinin direktoru Adilə Məmmədova və həmin müzeyin elmi işçisi Rəhilə Bünyadovadır.