“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı laçınlı müəllimə həsr olunub
Bakı, 24 yanvar, AZƏRTAC
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zəhra Mirzəyevaya həsr olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Z. Mirzəyeva 2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yüksək nəticə göstərərək 59 bal toplayıb. Elə həmin il təhsilin inkişafında göstərdiyi xidmətlərinə, eləcə də gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.
Zəhra Mirzəyeva deyir ki, yalnız peşəsini sevən müəllim mükəmməl şagird yetişdirə bilər.
Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.