İQTİSADİYYAT
Biznes strukturlarının su təchizatı şəbəkələrinə qoşulması prosedurları asanlaşdırılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Sahibkarlıq subyektlərinin su təchizatı şəbəkələrinə qoşulması ümumilikdə 1 ay vaxt aparacaq ki, bu da zamana və büdcəyə qənaətə gətirib çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı zamanı deyib.
O bildirib ki, tərtib edilən Yol Xəritəsində kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi, maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətlərində 4 alt indikator üzrə tədbirlər əksini tapıb. Sənəddə su təchizatı sistemlərinə qoşulma üzrə əsas hədəflər, keyfiyyət standartları, hüquq və öhdəliklər, müraciətlərə baxılmasının tam elektronlaşdırılması, prosedurların və vaxtın minimuma endirilməsi, şəffaflığın, istehlakçı hüquqlarının qorunması ilə bağlı vəzifələr müəyyənləşdirilib.
“Tətbiq olunacaq yeniliklər biznes strukturlarının su təchizatı şəbəkələrinə qoşulmasını xeyli asanlaşdıracaq, vaxta və xərclərə qənaət imkanı yaradacaq”, - deyə Etibar Məmmədov vurğulayıb.