BMK VƏ AYİB BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİ ÜÇÜN KREDİTLƏRİ TƏSDİQ ETDİ
bp-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu iki kredit barədə razılaşma iki ildən artıq davam edən geniş monitorinqdən və layihənin ətraf mühitə və sosial sahəyə təsirinin müfəssəl tədqiqi, eləcə də ictimaiyyətlə geniş məsləhətləşmə prosesindən sonra əldə olunmuşdur. Kommersiya əsaslı faizlə ayrılan bu borclar layihənin öz ciddi ictimai öhdəliklərini yerinə yetirməsini davam etdirməsi şərti ilə verilir ki, bu da borc verən təşkilatlar tərəfindən hər rüb keçiriləcək rəsmi auditlə yoxlanılacaqdır.
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi 2,95 milyard ABŞ dollarına başa gələcək (layihənin ümumi dəyəri 3,6 milyard dollardır), maliyyənin artıq təsdiq olunmuş bu borclardan əlavə hissəsi isə şirkətin öz daxili vəsaitləri hesabına, eləcə də ixrac kredit agentlikləri və kommersiya bankları tərəfindən təmin ediləcəkdir. Maliyyələşmə bu ilin sonunadək başa çatdırılacaqdır.
BTC layihəsinin baş icraçı direktoru Maykl Taunzend demişdir: həm BMK-nın, həm də AYİB-in layihədə iştirakı bu sərmayənin birbaşa ən çox təsirə məruz qalanlara, yəni boru kəməri marşrutu boyunca 450 kəndin sakinlərindən tutmuş, bütün Azərbaycan, Gürcüstan və Türkiyə vətəndaşlarının hamısına real mənfəətlə nəticələnməsini təmin etməyə kömək edəcəkdir. Biz hər iki qurumla regional inkişaf təşəbbüslərində və bu layihənin monitorinqində vətəndaş cəmiyyətinin iştirakı üçün planlar hazırlanmasında birgə işləməyə xüsusi ümidlə baxırıq.
1760 kilometr uzunluğunda boru kəməri Xəzərdən hər gün bir milyon barrel neftin Türkiyə boğazlarında tankerlərin hərəkətinin artmasına yol vermədən təhlükəsiz və itkisiz ixrac olunmsına imkan yaradacaqdır. Kəmər bütün uzunluğu boyu torpağa basdırılacaq və tikinti qurtaran kimi səkkiz metrlik dar kəmər dəhlizi üzərindəki torpaq tam bərpa olunacaqdır. Torpaq sahiblərinə və torpaq istifadəçilərinə tikinti mərhələsi ərzində torpaq istifadəsi üçün sanballı kompensasiyalar verilmişdir. Onlar təhlükəsizlik texnikası baxımından az sayda məhdudiyyətlər istisna olmaqla tikintidən sonra öz torpaqlarından istifadə edə biləcəklər.
Hazırda təxminən tikintisinin 40 faizi tamamlanmış olan boru kəməri ilə nəql ediləcək ilk neft Aralıq dənizindəki Ceyhan limanından 2005-ci ildə ixrac olunacaqdır.