BMT ƏRZAQ MƏHSULLARI İSTEHSALINI 1,5 DƏFƏ ARTIRMAĞA ÇAĞIRMIŞDIR
Dünyada ərzaq məhsullarının istehsalı 50 faiz artırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibi Pan Gi Mun qurumun Romada keçirilən ərzaq məhsullarına həsr edilmiş üçgünlük sammitində bildirmişdir. Onun sözlərinə görə, ərzaq məhsulları qiymətlərinin artmasını bu yolla dayandırmaq mümkündür.
Pan Gi Mun bildirmişdir ki, 2030-cu ilədək ərzaq məhsulları istehsalının 50 faiz artacağı gözlənilir. Onun sözlərinə görə, təkcə qiymətlərin artması ilə təcili mübarizə tədbirləri həyata keçirmək deyil, həm də uzunmüddətli strategiya hazırlamaq lazımdır.
Ərzaq məhsulları qiymətlərinin artmasına qarşı tədbirlərə ehtiyac 2007-2008-ci illərdə düyünün, taxılın qiymətləri dünya bazarında rekord səviyyəyə çatandan sonra yaranmışdır. Ərzaq məhsulları qıtlığı dünyanın bütün ölkələrində inflyasiyanın artmasına şərait yaratmış, bir sıra yoxsul ölkələri isə böhran həddinə çatdırmışdır.
BMT-nin məlumatına görə, ərzaq məhsulları qiymətlərinin artması bir sıra ölkələrdə iğtişaşlara və tətillərə səbəb olmuşdur. Dünya Bankı ərzaq böhranına qarşı mübarizə tədbirlərinə 1,2 milyard dollar ayıracağını, 2009-cu ildə isə kənd təsərrüfatının dəstəklənməsinə isə 6 milyard dollar ayıracağını bildirmişdir.