BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARININ MÜAVİNİ SUMQAYITDA OLMUŞDUR
İyulun 6-sı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının müavini Kamel Morcan Sumqayıtda olmuşdur. Şəhər İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qonaq və onu müşayiət edən şəxslər “Bərpa” və “Təhsil” layihələri üzrə Sumqayıtda görülmüş işlərlə tanış olmuşlar. Nümayəndə heyəti şəhərin 15-ci məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı düşərgəyə də baş çəkmişdir. Qonaqlara məlumat verilmişdir ki, buradakı 30 yataqxanada Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş müxtəlif rayonlarından məcburi köçkün ailələri məskunlaşıblar. Bu yataqxanalar “İctimai binaların təmiri və bərpası” layihəsinə əsasən 1997-1998-ci illərdə ABŞ-ın “Dünyaya baxış” beynəlxalq təşkilatı tərəfindən əsaslı təmir edilmiş, onların dam örtükləri, su, elektrik və kanalizasiya xətləri, qapı və pəncərələri təzələnmişdir. Bunlardan əlavə, 2002-ci ildən indiyədək Norveç Beynəlxalq Qaçqınlar Şurası Təşkilatının “İctimai binaların bərpası və icma səfərbərliyi” layihəsi üzrə daha 10 binada təmir işləri başa çatmışdır.BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini hazırda 15-ci məhəllədə 2900 məcburi köçkünün yaşadığı yataqxanaların 2-də təmir işlərinin gedişi ilə tanış olmuşdur. Qonaq, həmçinin, buradakı məktəbdə aparılan yenidənqurma işləri ilə maraqlanmışdır. Ona məlumat vermişlər ki, “Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi qeyri-hökumət təşkilatının köməyi ilə 16 məcburi köçkün məktəbinin hərəsində 2 sinif otağı tikilmiş, onlar mebellə təchiz edilmişdir.K.Morcan Sumqayıtın beton zavodu ərazisində məskunlaşmış məcburi köçkünlərin və orada fəaliyyət göstərən məktəbin problemi ilə də yerində tanış olmuşdur. Qonağı Sumqayıt şəhər və Qubadlı rayon icra hakimiyyətlərinin başçıları Vaqif Əliyev, Malik İsaqov və digər rəsmi şəxslər müşayiət etmişlər.