DÜNYA
BMT: Rusiya əhalisinin sayı 2050-ci ilədək 132,7 milyon nəfərə qədər azalacaq
Bakı, 17 may, AZƏRTAC
Rusiya Federasiyasının əhalisinin sayı 2050-ci ilədək 132,7 milyon nəfərə qədər azalacaq. Bu proqnoz mayın 16-da BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən səsləndirilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, milli statistika agentliklərinin məlumatına əsaslanan təşkilatın hesablamalarına görə, hazırda Rusiyada təxminən 144 milyon insan yaşayır, bununla yanaşı, şəhər əhalisinin payı 74,4 faiz (107,2 milyon) təşkil edir. Sənəddə deyilir ki, 2050-ci ilədək ölkə əhalisinin ümumi sayı 132,7 milyon nəfərə qədər azalacaq, şəhərdə yaşayan insanların nisbəti isə 83,3 faizə yüksələcək.
BMT-nin məlumatına əsasən, 2050-ci ilə qədər dünya şəhərlərində yaşayan əhalinin sayı 6,7 milyard nəfərə çatacaq. 2028-ci ilə qədər isə Dehli şəhəri əhalisinin sayına görə hazırkı rekordçu Tokionu qabaqlayaraq dünyanın ən böyük meqapolisi olacaq. Hesablamalara görə, on ildən sonra Nyu-Dehli şəhəri də daxil olmaqla Hindistanın aqlomerasiyasında 37,2 milyon insan yaşayacaq. Hazırda dünyanın ən iri şəhəri aqlomerasiyasında 37 milyon nəfərin yaşadığı Tokiodur. Onun ardınca gələn Dehlidə 29 milyon, Şanxayda 26 milyon, Mexiko və San-Paulu şəhərlərinin hər birində isə 22 milyon nəfər yaşayır.
Hazırda dünya əhalisinin sayı 7,6 milyard nəfərdir ki, onların 55 faizi şəhərlərdə məskunlaşıb. XXI əsrin ortalarında isə planetimizdə yaşayan insanların sayı 9,8 milyard dollara çatacaq və urbanizasiya nəticəsində şəhərlərdə yaşayan əhalinin sayı 68 faizə yüksələcək.