BMU-nun üç ikili diplom proqramı üzrə qəbul planı tam yerinə yetirilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq tərəfdaş universitetlərlə birgə həyata keçirdiyi ikili diplom proqramlarına tələbələrin marağı 2026/2027-ci tədris ili üzrə qəbul nəticələrində də özünü göstərib. Universitetin bakalavriat səviyyəsində qəbul planı tam yerinə yetirilib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Hazırda BMU-nun Cənubi Koreyanın İNHA Universiteti və Çinin Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) ilə əməkdaşlığı çərçivəsində müxtəlif modellər üzrə ikili diplom proqramları həyata keçirilir. Proqramlar tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, tərəfdaş universitetlərin imkanlarından yararlanmaq və təhsillərini iki ali təhsil müəssisəsinin diplomu ilə başa vurmaq imkanı yaradır. BMU ilə İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən etibarən Dövlət Proqramı çərçivəsində həyata keçirilən ikili diplom proqramına bu il 104 tələbə qəbul olunub. “İnformasiya texnologiyaları”, “Kompüter elmləri (Süni intellekt mühəndisliyi)”, “Data analitikası” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının hər biri üzrə 26 nəfər qəbul edilib.
Daxili imtahanda iştirak edən 363 namizəd arasından qəbul olunanların 28,8 faizi 600-dən, 57,7 faizi isə 500-dən yüksək bal toplayıb. BMU-nun PKTU ilə əməkdaşlığı çərçivəsində bu ildən fəaliyyətə başlayan PKTU-BMU Mühəndislik fakültəsində də ilk qəbul ilinin nəticələri yüksək olub. 3+1 modeli üzrə fəaliyyət göstərən fakültədə “Kompüter elmləri”, “Kimya”, “Biotexnologiya” və “Mexanika mühəndisliyi” ixtisaslarının hər biri üzrə 25 nəfər olmaqla, ümumilikdə 100 tələbə qəbul edilib. Qəbul olunanların 57 faizi 500-dən yüksək bal toplayıb. Onların 51 faizi 500-600 bal, 6 faizi isə 600-dən yüksək nəticə göstərib.
BMU ilə PKTU arasında imzalanmış ikitərəfli müqavilə əsasında 2+2 modeli üzrə həyata keçirilən digər ikili diplom proqramına qəbulda da yüksək nəticələr qeydə alınıb. “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Kimya”, “Biotexnologiya” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə proqrama qəbul olunan tələbələrin 31 faizə yaxını 500-dən yüksək bal toplayıb. Onlardan 11 nəfəri 600-700 bal, 142 nəfəri isə 500-600 bal intervalında nəticə göstərib.
Qeyd olunub ki, BMU ilə PKTU arasında həyata keçirilən proqram Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır. Proqram çərçivəsində tələbələrin BMU-da göstərdikləri akademik nəticələr onların PKTU-da təhsillərini davam etdirməsində mühüm rol oynayır.
Beləliklə, 2026/2027-ci tədris ili üzrə BMU-nun beynəlxalq tərəfdaş universitetlərlə həyata keçirdiyi üç ikili diplom proqramında qəbul planının tam yerinə yetirilməsi tələbələrin beynəlxalq təhsil imkanlarına marağının yüksək olduğunu göstərir.