İDMAN
Boksçumuz Rüfət Hüseynov dünya çempionatında ikinci görüşünü də qələbə ilə başa vurub
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan milli komandasının üzvü Rüfət Hüseynov (49 kq) boks üzrə dünya çempionatında ikinci görüşünü də qələbə ilə başa vurub. Həmyerlimiz bu çəki dərəcəsinin favoritlərindən sayılan özbəkistanlı Hasanboy Dusmatov üzərində qələbə qazanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən bildiriblər.
Boksçu döyüşü barədə danışarkən deyib: “Dusmatovla döyüş ağır keçdi. Bu çəki dərəcəsində demək olar ki, ən güclü idmançı o, idi. Rinqə qələbə qazanmaq üçün çıxmışdım. Yaxşı ki, bu işin öhdəsindən gələ bildim. Növbəti rəqibim ukraynalı Dmitri Zamotayev olacaq. Onunla indiyə kimi görüşməmişəm. Zamotayevin döyüş tərzi mənə uyğundur. İnanıram ki, onu da məğlub edə bilərəm. Əsas məqsədim Rio Olimpiadasına vəsiqə qazanmaqdır. Bunun üçün bütün gücümü sərf edəcəyəm”.