DÜNYA
Boris Conson İngiltərədə yeni kömür mədəninin açılmasına qarşı çıxıb
![Boris Conson İngiltərədə yeni kömür mədəninin açılmasına qarşı çıxıb](/files/2021/3/1200x630/163576179658018098_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Boris Conson ilk dəfə olaraq İngiltərənin şimal-qərbində yerləşən Kambriya qraflığında kömür mədəninin açılmasının əleyhinə çıxış edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallığın hökumət başçısı BBC telekompaniyasına müsahibəsində deyib.
“Mən kömürün miqdarının artırılması tərəfdarı deyiləm. Lakin buna mən yox, həmin məsələlərlə məşğul olan orqanlar qərar verir”, - deyə Boris Conson bildirib.
Kambriya qraflığının hakimiyyət orqanları əvvəlcə yeni kömür mədəninin inşası planlarını dəstəkləsələr də, indi bu qərarı yenidən nəzərdən keçirirlər. Mütəxəssislərin fikrincə, mədənin tikintisi çox sayda iş yeri açacaq və ölkənin polad sənayesinə müsbət təsir göstərəcək, lakin özü ilə çoxsaylı ekoloji problemlər də gətirəcək.
Hökumətin iqlim dəyişikliyi üzrə məsləhət komitəsi bildirib ki, polad istehsalı ilə məşğul olan bütün kompaniyalar karbon qazının atmosferə atılmasının azaldılması qrafiki çərçivəsində 2035-ci ilə qədər kömürdən istifadəni dayandırmalı və ya zərərli qazları neytrallaşdırmaq üçün bahalı avadanlıq almalıdır. Komitədən qeyd olunub ki, mədəndə hasil olunacaq kömürün 85 faizi ixrac ediləcək ki, bu da atmosferə atılacaq zərərli qazların həcmini artıracaq.
Nəşrin məlumatına görə, BMT-nin Qlazqo şəhərində keçirilən İqlim Sammitində iştirak edən ölkələri kömürdən imtina etmək zərurətinə inandırmaq Böyük Britaniya hökumətinin bu konfransdakı ən mühüm məqsədlərindən biridir.
Qeyd edək ki, oktyabrın 31-də Qlazqo şəhərində başlayan COP26 İqlim Sammiti noyabrın 12-dək davam edəcək. Tədbirdə 200-ə yaxın ölkənin nümayəndə heyətlərinin iştirakı gözlənilir.