BÖYÜK BRİTANİYA AZƏRBAYCANLA HƏRBİ SAHƏDƏ DƏ ƏMƏKDAŞLIQ ETMƏK ARZUSUNDADIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, nazir Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın 20-ci yüzilliyin əvvəllərindən başladığını, lakin ölkəmiz müstəqillik qazandıqdan sonra bu əlaqələrin yeni xarakter aldığını və günbəgün inkişaf etdiyini, habelə hərbi sahədə də münasibətlər qurmaq arzusunu bildirmişdir.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan münaqişəsi, ermənilərin təcavüzkar siyasəti, BMT-nin Dağlıq Qarabağ problemi barədə qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməmələri nəticəsində münaqişənin öz həllini tapa bilməməsi, işğal olunmuş Azərbaycan torpaqlarında terrorçu qruplar hazırlanması, burada külli miqdarda silah və sursat toplanması, narkotik maddələr yetişdirilməsi, narkotrafikin bu ərazidən keçməsi barədə qonağa ətraflı məlumat vermiş, Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət, Azərbaycan-NATO münasibətləri, Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Brayan Foll söyləmişdir ki, Böyük Britaniya dövləti önəmli tərəfdaş kimi Azərbaycan Respublikası ilə hərbi sahədə əməkdaşlıq etmək arzusundadır. O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuş və vurğulamışdır ki, ATƏT və digər beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində səylərini artırmalıdır. Bu vaxta qədər atəşkəs rejiminə əməl olunması hər iki tərəfin xeyrinədir. Zaman bütün regionlarda sabitliyin olmasını tələb edir. Bu, bütün xalqlar, o cümlədən, Azərbaycan xalqı üçün də önəmlidir.
Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizdəki səfiri Lorens Bristoun görüşdə iştirak etmişdir.