İQTİSADİYYAT
“Brent” nefti noyabrda ən gəlirli investisiya olub
Bakı, 10 dekabr, AZƏRTAC
“Brent” markalı xam neft ötən ay investorlara 25,9 faiz gəlir gətirib, noyabrda təbii qazın qiymətində isə ən böyük itki qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, “Brent” nefti noyabr ayında təbii qazdan daha yaxşı investisiya olub. Əmtəə bazarında ən çox satılan 18 məhsul arasında 14-ü sərmayəçilərinə qazanc gətirib, 4-nün qiyməti aşağı düşüb.
“Brent” neftinin aylıq investisiya gəlirliliyi 25,9 faiz olub. Təbii qazın qiyməti isə noyabrda 16,9 faiz azalaraq ən böyük itkinin qeydə alındığı məhsul olub.
COVID-19-a qarşı peyvəndlərin geniş yayılması ilə tələbatın yenidən canlanacağına dair nikbin gözləntilər, ABŞ-da prezident seçkiləri ilə əlaqədar qeyri-müəyyənliklər və “Saudi Aramco” şirkətinin neft obyektlərinə edilən terror hücumları fonunda “Brent” neftinin qiyməti noyabr ayında artım nümayiş etdirib. “Brent”in qiyməti OPEC və qeyri-OPEC ölkələrinin birgə koalisiyası tərəfindən neft hasilatına dair məhdudiyyətlərin müddətinin uzadılması ehtimalları ilə də dəstək görüb.
Ay ərzində gəlir gətirən digər məhsullar kakao (18,8 faiz), qəhvə (18,1 faiz), qurğuşun (16,1 faiz), mis (14,7 faiz), platin (14,1 faiz), soya (10,6 faiz), sink (10,3 faiz), alüminium (9 faiz), paladium (7,2 faiz), nikel (7 faiz), qarğıdalı (6,9 faiz), pambıq (4,7 faiz) və şəkər tozu (1 faiz) olub.
Təbii qaz investorları ən çox gəliri cari ildə əldə ediblər
Qaz ticarəti ilə məşğul olan investorların gəlirləri bu ilin yanvar-noyabr aylarında 31,7 faiz artıb, həmin dövrdə “Brent” neftinin qiyməti isə 28,5 faiz azalma nümayiş etdirib.
Mənfəət gətirən digər məhsullar gümüş (26,6 faiz), mis (24,8 faiz), paladium (22,5 faiz), soya (22,3 faiz), sink (21,8 faiz), qızıl və nikel (17 faiz), alüminium (12,1 faiz), qarğıdalı (9,9 faiz), şəkər tozu (8,1 faiz), qurğuşun və kakao (7,8 faiz), buğda (4,7 faiz), pambıq (4,5 faiz), platin (0,2 faiz) olub.