“BREQE” ŞİRKƏTİNİN NÜMAYƏNDƏSİ MİRKO BERTOLUÇİNİN ÇIXIŞI
-Zati-aliləri cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
İcazə verin, “Breqe” şirkətinin rəhbərliyi adından Sizi “2002-ci ilin adamı” elan olunmağınız münasibətilə təbrik edim və bu çətin, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər arzulayım.
1999-cu ildən ANS şirkətlər qrupu ilə əməkdaşlığa başlayandan sonra, biz Azərbaycan haqda daha dolğun informasiyalara malik olduq. Bu, “Breqe”nin ilk daşıyıcılarından biri olan Puşkinin təsvir etdiyi kimi, heç də yalnız təbii mənzərələri ilə seçilən bir ölkə deyil. Bu, getdikcə daha surətlə vahid Avropa ailəsinə daxil olan bir dövlətdir. Biz bunu dünyanın ən qədim “saat evi” kimi, tarixi prosesləri öz dəqiq mexanizmləri ilə müşayiət edən “Breqe” şirkəti kimi deyirik.
XVIII əsrdən başlayaraq Avropa ölkələrinin bütün hökmdarları - Napaleon, Osmanlı imperiyasının sultanı 3-cü Səlim , daha sonralar Rusiya imperiyasıın bütün çarları, ser Uinston Çerçill, Misir kralı Fərrux tarixi məhz bizim saatlarla yaradıblar. Adı çəkilən tarixi şəxsiyyətlər, habelə müasir dövrümüzün bir çox dövlət başçısı “Breqe” ümumdünya muzeyi”nin fəxri üzvləridir.
Cənab Prezident, fəxrlə deyə bilərik ki, “Breqe” rəhbərliyinin qərarı ilə bu gündən etibarən Siz də bu tarixi siyahıya daxil edilirsiniz. Sizin saatınızın məxsusi nömrəsi beynəlxalq fəxri reestrə rəsmən əlavə edilibdir.
Çıxışımın sonunda, ANS şirkətlər qrupu və Çingiz Mustafayev adına Fondun “2002-ci ilin adamı” üçün məhz “Breqe” saatını, məhz Sizi seçməsindən qürur hissi keçirirəm. İcazənizlə, mən xatirə olaraq “Breqe”nin tarixini əks etdirən bu kitabı Sizə təqdim edirəm. Biz bu gündən bir-birimizin tarixinə həkk olunuruq. Sizi təbrik edirəm. Sağ olun.
X X X
Sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan üçün ən mühüm siyasi-iqtisadi məsələlərin həlli istiqamətində gördüyü işlər - Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməl daşının qoyulması, Azərbaycan-Gürcüstan-Türkiyə təhlükəsizlik sisteminin yaranması, İranla dostluq və əməkdaşlıq müqaviləsinin imzalanması, Azərbaycan və Rusiya arasında Xəzərin dibinin bölünməsi və Qəbələ RLS-nin statusunun müəyyənləşdirilməsi ilə bağlı keçirdiyi görüşləri və imzalanma mərasimlərini əks etdirən videokadrlar nümayiş etdirildi.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söylədi. (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunmuşdur).
X X X
VAHİD MUSTAFAYEV: Cənab Prezident, beləliklə, mərasimimizin rəsmi hissəsi başa çatır.
Cənab Prezident, mən Sizi “2002-ci ilin adamı” seçilməyiniz münasibətilə bir daha təbrik edirəm. Sizə fəaliyyətinizdə yaradıcılıq uğurları arzulayıram. Ona görə ki, dövlət yaradıcılığı ən çətin yaradıcılıqdır. Arzu edirəm ki, hər şey ürəyinizcə olsun, istədiklərinizə nail olasınız.
Mən bütün azərbaycanlıları, bizim xalqımızı təbrik edirəm ki, biz hamımız çox dövlətliyik. Ona görə ki, bizim Azərbaycan kimi dövlətimiz var.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev ANS şirkətlər qrupunun və Çingiz Mustafayev adına Fondun əməkdaşları, Milli Qəhrəmanın ailə üzvləri ilə bir daha səmimi görüşdü, onlara təşəkkürünü bildirdi.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.
Foto Yaşar Xəlilovun və
Rafiq Bağırovundur