BRÜSSELDƏ GÖMRÜK MODELLƏRİNİN TƏQDİMATINA DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Qonşuluq Siyasəti ölkələri üçün gömrük modellərinin təqdimatına dair seminar keçirilmişdir.
Seminar Avropa Komissiyasının Texniki Yardım və Məlumat Mübadiləsi Aləti (TAIEX) çərçivəsində təşkil olunmuşdur. Tədbirdə Azərbaycanı DGK-nın hüquq şöbəsinin rəisi Sənan Muxtarov və Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi sərnişin şöbəsinin rəisi Ülvi Məmmədov təmsil etmişlər.
Seminar Avropa İttifaqı ilə Yeni Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq edən Yaxın Şərq ölkələrinin, eləcə də Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın gömrük xidmətləri üçün təşkil olunmuşdur.
Tədbirdə gömrük modellərinin tətbiqi, gömrük islahatları üzrə milli strategiyaların hazırlanması və praktiki cəhətdən tətbiqi sahəsində Avropa İttifaqına üzv olan dövlətlər - Sloveniya, Almaniya, Avstriya və Çexiyanın təcrübəsi barədə seminar iştirakçılarına ətraflı məlumat verilmişdir.
Seminarda haqqında söhbət gedən gömrük modelləri Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsində əks olunduqdan və qəbulundan sonra Azərbaycan gömrük xidmətində işin beynəlxalq təcrübəyə və standartlara uyğun təşkilində mühüm rol oynayacaq, Avropa İttifaqı standartlarına uyğun gömrük islahatlarını həyata keçirmək, gömrük prosedurlarını və əməliyyatlarını sadələşdirmək üçün hüquqi zəmin yaradacaqdır.