Bu gün abituriyentlər üçün Azərbaycan dili fənni üzrə ikinci imtahana qeydiyyat başa çatır
Bakı, 29 may, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən (1-27 mart tarixlərində elektron ərizəsini təsdiq etmiş), lakin aprelin 22-də keçirilən Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya imtahanda iştirak etməyən abituriyentlər iyunun 10-da ikinci Azərbaycan dili imtahanında iştirak etməlidirlər. Abituriyentlər günün sonunadək qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri də qeydiyyatdan keçərək ikinci imtahanda iştirak edə bilərlər. Elektron ərizələrini aprelin 11-dən 30-dək təsdiq edən rus bölməsinin abituriyentləri isə Azərbaycan dili imtahanına birbaşa qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak etmək hüququ qazanıblar.
Rus bölməsinin abituriyentləri üçün ikinci Azərbaycan dili fənni üzrə imtahan iyunun 10-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Abituriyentlər ərizəni təsdiqləmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların kabinetlərindəki hesablarından çıxılacaq. Abituriyentlərə Azərbaycan dili fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilir. “Məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.