Bu gün Düsseldorfda “Eurovision-2011” müsabiqəsinin final mərhələsi keçiriləcəkdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Almaniyanın Düsseldorf “Espit Arena”sında 56-cı “Eurovision” yarışmasının final mərhələsi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, 25 ölkənin iştirak edəcəyi musiqi yarışmasında Azərbaycan təmsilçiləri səhnəyə 19-cu çıxacaqlar. Bu gün Bakı vaxtilə saat 24:00-da başlanacaq müsabiqənin final mərhələsi üçün bütün tamamlama işləri başa çatmışdır. Final konsertini 24 min tamaşaçı canlı, 125 milyon tamaşaçı isə televiziya ekranından izləyə biləcəkdir.
Həmişə olduğu kimi, bu il də hər təmsilçiyə öz şousunu nümayiş etdirmək üçün 3 dəqiqə vaxt ayrılmışdır. Artıq final mərhələsinin iki əsas məşqi keçirilmişdir. Məşq zamanı məlum olmuşdur ki, Almaniyanın ev sahibliyi etdiyi bu yarışmanın final konserti mükəmməl şəkildə hazırlanmışdır. Final günü Avropa tamaşaçıları ilk olaraq “Eurovision-2011” müsabiqəsinin aparıcılarının ifalarını eşidəcəklər. Onlarla birgə səhnəyə ötən il müsabiqədə birincilik qazanmış və bu il də ölkəsini müsabiqədə təmsil edən Lena Mayer də çıxacaqdır. O, ötən il Almaniyaya qələbə gətirən “Satellite” mahnısını tam yeni formada Avropa ictimaiyyətinə təqdim edəcəkdir.
Bir çox maraqlı məqamların da yer aldığı final gecəsinin möhtəşəm açılışından sonra son mərhələdə yarışmaq hüququ qazanan 25 ölkə öz şoularını tamaşaçılara nümayiş etdirəcəkdir. Onu da bildirək ki, bir neçə ildir artıq “Eurovision” yarışmasının qalibi 50 faiz münsiflər, 59 faiz isə tamaşaçı səsverməsi nəticəsində seçilirdi. Artıq peşəkar münsiflər heyəti “Eurovision-2011” müsabiqəsinin finalında çıxış edəcək ölkələrə öz səslərini vermişlər. Münsiflər 25 ölkə təmsilçisini mayın 13-də “Esprit Arena”da keçirilmiş ikinci əsas məşqə əsasən qiymətləndirmişlər.
Hər il olduğu kimi, bu dəfə də gecənin sonunda ümumi səslərin açıqlanması üçün 43 təmsilçi ölkəyə canlı bağlantı olacaqdır. Azərbaycan adından hansı ölkəyə neçə bal verildiyini ötən ilki müsabiqə təmsilçimiz Səfurə Əlizadə açıqlayacaqdır. Məhz Səfurə Əlizadə Azərbaycan adından Avropanı salamlayacaqdır.
Avropa musiqi aləminin ən nüfuzlu mahnı yarışması “Eurovision”un möhtəşəm final şousu 50-dən artıq ölkədə yayımlanacaqdır.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal isveçli müəlliflərə məxsus olan “Running Scared” mahnısı ilə çıxış edəcəklər. Azərbaycan təmsilçiləri əsas favoritlər sırasındadır.