Bu gün Gəmiçiliyin yaradılmasından 163 il ötür
Bakı, 21 may, AZƏRTAC
Bu gün Azərbaycan Gəmiçiliyinin yaradılmasından 163 il ötür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi uzun illər əvvəl yaradılmış və böyük sınaqlardan keçərək fəaliyyət göstərən dünyanın ən qədim şirkətlərindən biridir. Bu, “businessfinancing.co.uk” saytında yer alan xəritədə də əksini tapıb.
Xəritəyə əsasən, üç əsrə şahidlik edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi öz tarixinə görə Cənubi Qafqazın ən qədim şirkətidir.
Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Hazırda da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda mövcud olan iki böyük donanmanın - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb. Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmalarını vahid formada birləşdirərək qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirmək əzmindədir.