CƏMİYYƏT
Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə yanaşı, həm də daha iki əlamətdar gün qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bunlardan biri Ümumdünya Valideynlər Günüdür. Bu əlamətdar gün 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sisteminə daxil edilib. Onun 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə eyni gündə qeyd olunması da simvolikdir.
BMT Baş Assambleyası 15 oktyabr 2012-ci il tarixli 66/292 saylı qətnaməsi ilə Ümumdünya Valideynlər Günü elan edib. Qətnaməyə görə, bu əlamətdar gün dünyanın bütün ölkələrində hər il valideynlərin şərəfinə qeyd edilməlidir.
İyunun 1-də qeyd edilən daha bir əlamətdar gün Ümumdünya Süd Günüdür. O, ilk dəfə 2001-ci ildə qeyd olunub. Ümumdünya Süd Günü Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşəbbüsü ilə təqvimə salınıb. Bəzi ölkələrdə Milli Süd Günü bundan əvvəl də mövcud idi və onlar yazın sonu və ya yayın əvvəlində qeyd olunurdu. FAO sonradan universal tarix olaraq 1 iyunun seçilməsini təklif edib. Onun keçirilməsindən məqsəd süd və süd məhsullarının insan orqanizmi, xüsusilə də uşaqlar üçün faydaları haqqında insanlara məlumat verməkdir.